• 1_1.jpg
  • 2_1.jpg
  • 3_1.jpg
  • 4_1.jpg
  • 5_1.jpg
Biometrik kiosk


Dünyada biometrik eyniləşdirmə texnoloqiyaları sürətlə inkişaf edir. Bu texnologiyalar əsasında işləyən müxtəlif qurğular yaradılır və inkişaf etdirilir. Bu tip müasir qurğulardan biri də biometrik kioskdur. Təqdim edilən biometrik kiosk şəxs haqqında biometrik və şəxsi məlumatların alınması və eyniləşdirilməsi üçün yaradılmış universal bir qurğudur. Biometrik kiosk sensorlu monitordan, 3D skanerdən, barmaq izi skanerindən, rəqəmsal kameradan, RFID kartların, şəxsiyyət vəsiqəsi və ya pasportların oxuma qurğusundan və xüsusi proqram təminatı ilə təchiz edilmiş kompüterdən ibarətdir.

    Biometrik kioskun imkanları:
  • Sensorlu monitorun toxunmaqla idarə olunması;
  • 3D skaner vasitəsi ilə şəxsin üzünün biometrik 3D modelinin yaradılması;
  • Barmaq izi skaneri vasitəsi ilə biometrik standartlara cavab verən barmaq izinin oxunması;
  • Rəqəmsal kamera vasitəsi ilə şəxsin biometrik standartlara cavab verən şəklinin çəkilməsi;
  • RFID oxuyucusu vasitəsi ilə RFID kartların və biometrik pasportların oxunması;
  • Şəxsiyyət vəsiqəsi və ya pasportların oxuma qurğusu vasitəsi ilə oxunması.
    Qeydiyyat rejimi:
  • Qeydiyyat rejimində biometrik və şəxsi məlumatlar götürülür və biometrik məlumatlar bazasına yazılır.
  • Barmaq izi skaneri vasitəsi ilə barmaq izi götürülür və onun biometrik standartlara uyğunluğu yoxlanılır. Götürülmüş barmaq izi biometrik standartlara uyğundursa, həmin məlumat biometrik bazaya yazılır. Əks halda barmaq izi yenidən götürülür.
  • Bu qaydada şəxsin bütün barmaqlarının izləri qeydiyyatdan keçirilə bilər.
  • Şəxs rəqəmsal kameraya baxarkən avtomatik olaraq onun üz şəkilləri çəkilir və bu şəkillərin içərisindən biometrik keyfiyyətinə görə ən keyfiyyətlisi seçilir və biometrik bazaya yazılır.
  • 3D skaner şəxsin üzünün üç ölçülü modelini yaradır və üzün şəklini model üzərində əks etdirir. Yaradılmış üç ölçülü model biometrik standartlara uyğundursa, o biometrik məlumatlar bazasına yazılır. Əks halda, 3D skaner vasitəsi ilə şəxsin üç ölçülü biometrik modelinin yaradılması proseduru təkrarlanır.
  • Şəxsin RFID kartının qeydiyyatdan keçirilməsi üçün RFID kart oxuma qurğusuna yaxınlaşdırıldıqda, oxuma qurğusu həmin kartı oxuyur və oxunan biometrik və şəxsi məlumatlar məlumatlar bazasına daxil edilir. Şəxs haqqında şəxsi məlumatlar şəxsiyyət vəsiqəsi və pasportların oxuma qurğusu vasitəsi ilə oxunaraq məlumatlar bazasına daxil edilir.
    Eyniləşdirmə rejimi:
  • Bu rejimdə şəxsin biometrik və şəxsi məlumatları götürülür və məlumatlar bazasında olan mövcud məlumatlarla müqayisə edilir.
  • Barmaq izi üzrə eyniləşdirmə zamanı, şəxs barmağını skanerə qoyduqda, barmaq izi götürülür və müvafiq məlumatlar bazasında axtarılır. Əgər bazada bu məlumatlar tapılarsa, şəxsin kimliyi haqqında məlumat monitorda əks etdirilir.
  • Üz şəkli üzrə eyniləşdirmə zamanı, şəxs rəqəmsal kameraya baxdıqda, şəxsin biometrik üz şəkli götürülür və müvafiq məlumatlar bazasında axtarılır. Əgər bazada tapılarsa, şəxsin kimliyi haqında məlumat monitorda əks etdirilir.
  • Sifət üzrə üç ölçülü eyniləşdirmə zamanı, şəxs 3D skanerə baxdıqda, şəxsin üç ölçülü biometrik sifət modeli yaradılır və müvafiq məlumatlar bazasında axtarılır, əgər bazada bu məlumatlar tapılarsa, şəxsin kimliyi haqqında məlumat monitorda əks etdirilir.
  • Şəxsi məlumatlar üzrə eyniləşdirmə zamanı, şəxs şəxsiyyət vəsiqəsini və ya pasportunu oxuma qurğusuna daxil etdikdə, bu sənədlərdən şəxsi məlumatlar oxunur və müvafiq məlumatlar bazasında axtarılır. Əgər bazada bu məlumatlar tapılarsa, şəxsin kimliyi haqqında məlumat monitorda əks etdirilir.
    Tətbiq sahələri:
  • Mühüm dövlət tədbirlərində qeydiyyat məsələləri və girişə məhdudiyyət;
  • Strateji əhəmiyyətli obyektlərin girişinə nəzarət;
  • Bankların, binaların və qəbul imtahanlarında girişə nəzarət;
  • Biometrik viza və pasportlar almaq istəyənlər haqqında məlumatların alınması;
  • Sərnişin nəqliyyatında və VİP sərhədkeçmədə;
  • Polis məntəqələrində saxlanılmış şəxslərdən biometrik məlumatların alınması və s.